Yunanıstan tənzimləyicisi hələ iyunun əvvəlində Binance-ə MiCA lisenziyası verməyə hazır idi- birja hətta bununla bağlı press-reliz hazırlamış, CEO Riçard Tenq isə Afinaya səfər etməyə hazırlaşırdı. Lakin ertəsi gün müraciət prosesi dayandırıldı: Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Yunanıstanın baş nazirindən müraciəti təsdiqləməməyi xahiş etdi. ESMA da tənzimləyici qurumlara birjanın müraciətlərini rədd etməyi tövsiyə etdi. Nəticədə Binance müraciətini geri götürdü və Aİ-də lisenziyasız qaldı.
Səbəb xüsusilə diqqətçəkəndir: rəqəmsal avronun dollarla nominasiya olunan steyblkoinlərdən qorunması. Burada söhbət təkcə texniki tənzimləmədən deyil, həm də siyasətdən gedir — AMB avrozonada ödəniş və hesablaşma infrastrukturunun özəl dollar alətləri üzərində qurulmasını istəmir. Bundan əlavə, Binance-in ABŞ-da çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) qaydalarının pozulması ilə bağlı keçmişi də öz rolunu oynayıb.
Bazar üçün siqnal sadədir: MiCA-nın vahid lisenziya “pasportu” sistemi işləyir, lakin ona çıxış yalnız tələblərə uyğunluqdan deyil, həm də siyasi iradədən asılıdır. Dünyanın ən böyük kriptobirjası Aİ bazarından kənarda qalır – bu, yerli oyunçular və Avropa bankları üçün yeni imkanlar yaradır, eyni zamanda regionda likvidlik və rəqabətin inkişafını ləngidir.

