Azərbaycanda mobil bankçılıqda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi hesabların ələ keçirilməsi hallarının əhəmiyyətli dərəcədə azalmasına təsir göstərib. Bununla yanaşı, sosial mühəndislik üsulları ilə vətəndaşların aldadılaraq özlərinin həyata keçirdiyi köçürmələrdə artım müşahidə olunur.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinq şöbəsinin rəisi Elvin Cuvarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bankların kartdan-karta köçürmələrə tətbiq etdiyi müəyyən məhdudiyyətlər və mobil tətbiqlərə girişdə daha etibarlı müştəri autentifikasiyası mexanizmlərindən, xüsusilə biometrik həllərdən istifadə ikinci rübdə dələduzluq məbləğinin azalmasına təsir göstərib.
Lakin dələduzlar yeni müdafiə mexanizmlərinə uyğunlaşaraq sosial manipulyasiya üsullarını təkmilləşdirirlər. Belə hallarda müştərinin hesabı ələ keçirilmir, vətəndaş aldadılaraq vəsaiti özü köçürür.
E. Cuvarov bildirib ki, ən geniş yayılmış üsullardan biri özünü bankın və ya hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxslərin zəngləridir. Dələduzlar vətəndaşa hesabına kiber müdaxilə olduğunu və vəsaitinin təhlükədə qaldığını bildirərək pulu guya təhlükəsiz hesaba köçürməyi təklif edirlər.
“Bəzi hallarda hətta dələduzların təlimatlarına uyğun olaraq müştəri onlayn kreditə müraciət edir”, – deyə o qeyd edib.
AMB nümayəndəsinin sözlərinə görə, vətəndaşlar rəsmiləşdirdikləri kreditin məbləğini də dələduzların bildirdiyi hesablara köçürürlər.
O əlavə edib ki, Mərkəzi Bank dələduzluq üzrə hesabatlılığı müasir tendensiyalara uyğun təkmilləşdirməyi nəzərdə tutur. Hazırda sosial mühəndislik üsulları ilə törədilən bir sıra hallar hesabatlarda “digər” kateqoriyasında göstərilir.

