Azərbaycan Mərkəzi Bankı (AMB) iyunda “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” MMC-lərə icrası məcburi göstərişlər verib.
GDP AMB-yə stinadən xəbər verir ki, “Global İnnovations” MMC-yə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsinə əsasən məcmu kapitalın minimum məbləği və digər normativ tələblərin pozulmasının aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.
“United Payment” MMC-yə isə “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə uyğun olaraq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması barədə göstəriş verilib.
“Baku Pay” MMC-yə “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, daxili nəzarət, daxili audit və risklərin idarə edilməsi sistemlərindəki çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.
“Fizza Pay” MMC-yə isə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, daxili audit və risklərin idarə edilməsi istiqamətində kadr potensialının gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

