Azərbaycanda illik inflyasiya Mərkəzi Bankın müəyyən etdiyi hədəf diapazonu daxilində qalmaqda davam edir.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5,7% təşkil edib. Bu göstərici iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi aşağıdır. İnflyasiyanın mövcud dinamikasının baza ssenarisi üzrə proqnozlaşdırılan trayektoriyaya uyğun olduğu bildirilir.
Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 7,2% olub. Ödənişli xidmətlər üzrə qiymətlər illik 5%, qeyri-qida məhsulları üzrə isə 3,7% artıb.
Eyni zamanda, 2026-cı ilin avqustunda illik baza inflyasiyası 5,1% səviyyəsində qeydə alınıb.
Mərkəzi Bank ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonu daxilində qalacağına dair proqnozunu dəyişməyib. Tənzimləyicinin qiymətləndirməsinə əsasən, mövcud baza ssenarisi üzrə illik inflyasiyanın ortamüddətli perspektivdə də müəyyən edilmiş hədəf diapazonunda hərəkət edəcəyi gözlənilir.

