Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda peşəkar sertifikatlaşdırma prosesinin tətbiqi ilə bağlı maliyyə institutlarının nümayəndələri ilə məlumatlandırıcı görüşlər keçirib.
Görüşlər avqustun 11-i və 13-də maliyyə institutlarının insan resursları funksiyalarının rəhbər nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbirlər çərçivəsində iştirakçılara peşəkar sertifikatlaşdırma çərçivəsinin tətbiqi, imtahan modulları, vəzifə funksiyaları, imtahanlardan azadolma meyarları və qeydiyyat prosesi barədə ətraflı məlumat verilib. Eyni zamanda sertifikatlaşdırma prosesinin digər əsas istiqamətləri və praktiki məsələlər müzakirə olunub.
Görüşlər zamanı maliyyə institutlarının nümayəndələri sertifikatlaşdırma prosesi ilə bağlı onları maraqlandıran sualları Mərkəzi Bankın nümayəndələrinə ünvanlayıb və müvafiq izahatlar əldə ediblər.
Qeyd edək ki, maliyyə sahəsində peşəkar sertifikatlaşdırma çərçivəsində nəzərdə tutulan imtahanların 2026-cı ilin sonundan etibarən keçirilməsinə başlanılması planlaşdırılır.


