Maliyyə Monitorinqi Xidmətinin tətbiq etdiyi Şübhəli Əməliyyatların Monitorinqi Sisteminə (ŞƏMS) gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur. Hazırda sistemə 3376 öhdəlik daşıyan şəxs qoşulub və bu proses davam edir.
GDP.az xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq və benefisiar mülkiyyətçilərin təhlili departamentinin direktoru Fuad Əliyev “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda sualları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Xidmət tərəfindən yaradılan və artıq iki ildir tətbiq olunan sistem vaxt itkisinin aradan qaldırılmasına və resurslardan səmərəli istifadəyə imkan verir. Öhdəlik daşıyan şəxslərin təqdim etdiyi hesabat və məlumatlar, həmçinin digər dövlət qurumlarının məlumat bazalarından əldə olunan informasiyalar vahid sistemdə toplanır.
Fuad Əliyev qeyd edib ki, sistem araşdırılan subyektin şübhəli və digər əməliyyatlarını, onunla əlaqəli şəxslərin əməliyyatlarını və aralarındakı bağlılığı real vaxt rejimində təhlil etməyə imkan yaradır. Bu isə böyük həcmli məlumatlarla işləyən təhlilçilərin işini əhəmiyyətli dərəcədə asanlaşdırır.
Departament direktorunun bildirdiyinə görə, sistem 15 dövlət qurumunun məlumat bazası ilə inteqrasiya olunur və gündəlik minə yaxın məlumat parametri üzrə informasiya əldə edilir.
Fuad Əliyev Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemindəki ödəniş məlumatlarının və müvafiq sənədlərin inteqrasiya yolu ilə Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsinin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, bu, şübhəli əməliyyatların erkən aşkarlanması və risklərin müəyyənləşdirilməsi baxımından faydalı olar.

