Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin iyun ayı üzrə bank müştərilərinin xidmətlərdən istifadəsi ilə bağlı şikayət indeksini ictimaiyyətə təqdim edib.
GDP xəbər verir ki, Dərc olunmuş cədvələ əsasən, ən yüksək şikayət indeksi 2,27 bal ilə AFB Bank ASC-yə məxsusdur. Bu göstəriciyə görə Yelo Bank ASC 2,06 balla ikinci, Accessbank QSC isə 1,99 balla üçüncü sırada qərarlaşıb.
Ən aşağı şikayət indeksi isə cəmi 0,21 bal olmaqla PAŞA Bank ASC-də qeydə alınıb. Bu bankı müvafiq olaraq 0,39 balla Azər-Türk Bank ASC və 0,40 balla TuranBank ASC izləyir. Həmin üç qurum aşağı şikayət indeksinə malik banklar sırasında yer alıb.
Qeyd edək ki, metodologiyaya görə şikayət indeksi “Şikayətlər üzrə bazar payı”nın “Müştərilər üzrə bazar payı”na nisbəti kimi hesablanır. Birinci göstərici hər bir banka daxil olan şikayətlərin ümumi sektor üzrə şikayətlərin sayına olan faizini, ikincisi isə aktiv müştərilərin (cari hesab qalığı 100 manatdan yuxarı olan və son üç ayda ən azı bir əməliyyat aparmış şəxslərin) həmin bankdakı sayının ümumi aktiv müştəri sayına nisbətini əks etdirir.
Bildirilib ki, cədvələ daxil edilməyən banklar üzrə həmin ay ərzində Mərkəzi Banka heç bir şikayət daxil olmayıb.


