Yüksək faiz dərəcələri ilə kredit verən bank olmayan kredit təşkilatlarının öhdəlik cəlb etmək imkanlarına daha sərt prudensial tələblər tətbiq edilir.
Bunu Azərbaycan Mərkəzi Bankının BOKT fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov “Bank olmayan kredit təşkilatları: tənzimləmə və cari vəziyyət” mövzusunda keçirilən təlimdə deyib.
O bildirib ki, Mərkəzi Bankın məqsədi cəlb edilmiş vəsaitlərin müştərilərə həddindən artıq yüksək faizlərlə yönəldilməsinin qarşısının alınmasına prudensial mexanizmlərlə təsir göstərməkdir.
X.İsmayılovun sözlərinə görə, faiz dərəcələri istehlak kreditləri üzrə açıqlanan orta faiz dərəcəsinin 1,25 mislini keçməyən BOKT-lər kapitalının 10 mislinədək öhdəlik cəlb edə bilər. Daha yüksək faizlə kreditləşmə aparıldıqda isə öhdəliklərin kapitala nisbəti üzrə daha sərt hədlər qüvvəyə minir.
O qeyd edib ki, yanaşmanın məqsədi kredit faizinə birbaşa ümumi maksimum hədd müəyyənləşdirməkdən daha çox, yüksək risk götürən BOKT-nin əlavə öhdəlik cəlb etmək imkanını kapitalına uyğunlaşdırmaqdır.

