Azərbaycan Mərkəzi Bankında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclası keçirilib.
GDP xəbər verir ki, iclasda Strategiyanın “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə üç fəaliyyət istiqaməti çərçivəsində təsdiqlənmiş 15 tədbirin cari dövr üzrə icra vəziyyəti, monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.
Mərkəzi Bank sədrinin birinci müavini, işçi qrupun sədri Əliyar Məmmədyarov sözügedən məqsəd üzrə əldə edilmiş nəticələr və nailiyyətlər barədə məlumat verib. O, həmçinin Mərkəzi Bank tərəfindən bu istiqamətdə həyata keçirilmiş təşəbbüsləri diqqətə çatdırıb.
Görüş zamanı Mərkəzi Bankın, işçi qrupun üzvlərinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə həyata keçirilmiş tədbirlərin icra vəziyyəti, cari il üzrə monitorinq və qiymətləndirmənin nəticələri, əldə olunan nailiyyətlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin yekununda həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması məqsədilə növbəti addımlar müəyyənləşdirilib.
İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrup “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi və aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli 487s nömrəli Sərəncamı ilə yaradılıb.






