NEQSOL Holding oktyabrın 26–30-da Niderlandın paytaxtı Amsterdamda keçiriləcək 10-cu Beynəlxalq Dürüstlük Həftəsinə (International Week of Integrity) dəstək verəcək.
GDP.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
“Rəqəmsal dövrdə dürüstlüklə liderlik” (“Leading with Integrity in a Digital Age”) mövzusuna həsr olunan tədbir müxtəlif sektorları və bazarları təmsil edən mütəxəssisləri bir araya gətirəcək.
Niderland Beynəlxalq Ticarət Palatasının (ICC Netherlands) üzvü olan NEQSOL Holding tədbirin dəstəklənməsini müasir biznes mühitində etika və normativ tələblərə uyğunluq (compliance) məsələləri üzrə praktiki təcrübə mübadiləsinə töhfə vermək imkanı kimi qiymətləndirir.
Şirkət qeyd edib ki, 11 ölkədə və müxtəlif sənaye sahələrində fəaliyyət göstərməsi beynəlxalq peşəkar dialoqda iştirakın, eləcə də fərqli biznes və tənzimləyici mühitlərdə baş verən dəyişikliklərin izlənilməsinin əhəmiyyətini artırır.
NEQSOL Holding komplayens, biznes etikası və korporativ idarəetmə sahəsində çalışan mütəxəssisləri tədbirin proqramı ilə tanış olmağa, sessiyalarda iştirak etməyə və müzakirələrə qoşulmağa dəvət edib.

