NEQSOL Holding və Avstriyanın Raiffeisen Bank International AG (RBI) bankı satınalmaların və uzunmüddətli kapital investisiyalarının dəstəklənməsinə yönəlmiş maliyyələşdirmə əməliyyatını yekunlaşdırıblar.
GDP xəbər verir ki, bu barədə Raiffeisen Bank International AG məlumat yayıb.
Məlumata görə, tərəflər 2026-cı ilin iyun ayında keçirilmiş Ukraynanın Bərpası Konfransı çərçivəsində imzalanmış niyyət məktubundan sonra əməkdaşlıqlarını daha da gücləndiriblər.
Belə ki, RBI və NEQSOL Holding satınalmaların və uzunmüddətli kapital qoyuluşlarının maliyyələşdirilməsini dəstəkləyən əməliyyat üzrə saziş imzalayıb və əməliyyatı yekunlaşdırıblar.
Bankın məlumatında bildirilir ki, NEQSOL Holding telekommunikasiya, energetika, tikinti və digər sahələri əhatə edən investisiyaları ilə regionda geniş fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Ukraynada Vodafone Ukraine şirkətinə sahib olan holdinq davam edən müharibəyə baxmayaraq, ölkəyə investisiyalarını davam etdirir. Bu isə şirkətlər qrupunun əsas bazarlarına uzunmüddətli bağlılığını nümayiş etdirir.
Qeyd olunur ki, maliyyələşdirmə əməliyyatı NEQSOL Holding-in daha geniş investisiya və inkişaf strategiyasını dəstəkləyir.
Eyni zamanda, bu əməkdaşlıq RBI-nin beynəlxalq investorların uzunmüddətli məqsədlərinə dəstək vermək, satınalmaların maliyyələşdirilməsi və müxtəlif bazarlarda strateji investisiyalar üçün fərdi maliyyələşdirmə həlləri təqdim etmək imkanlarını əks etdirir.
RBI-nin Strukturlaşdırılmış Maliyyələşdirmə və İnvestisiya Bankçılığı istiqamətinin nümayəndəsi Harald Kroeger bildirib ki, sözügedən əməliyyat bankın Ukraynaya uzunmüddətli perspektivdən yanaşan və ölkənin iqtisadi dayanıqlığına, gələcək inkişafına töhfə verən beynəlxalq investorlarla əməkdaşlığa sadiqliyini nümayiş etdirir.
Raiffeisen Bank International NEQSOL Holding ilə tərəfdaşlığın davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib.



