Dubayda keçirilən 17-ci Middle East Banking Innovation Summit (MEBIS 2026) Yaxın Şərqin aparıcı bank və maliyyə texnologiyaları mütəxəssislərini bir araya gətirib.
GDP xəbər verir ki, bu beynəlxalq platformada Azərbaycanı təmsil edən iştirakçılar sırasında rəqəmsallaşma və proseslərin avtomatlaşdırılması üzrə mütəxəssis Nihad Tağızadə də yer alıb.
16–17 sentyabr tarixlərində Jumeirah Emirates Towers-da təşkil olunan MEBIS 2026-da bank sektorunun rəqəmsal gələcəyi, süni intellektin tətbiqi, kibertəhlükəsizlik, ödəniş innovasiyaları, Open Finance və müştəri təcrübəsi müzakirə edilib.
Sammitin əsas mövzularından biri Agentic AI -müstəqil fəaliyyət göstərə bilən süni intellekt agentlərinin bank sistemlərinə inteqrasiyası və onların idarə olunması olub. Müzakirələr göstərib ki, bank sektorunda diqqət artıq yalnız “süni intellekti necə tətbiq edək?” sualına deyil, eyni zamanda “onu necə idarə edək, risklərə kim nəzarət etsin və məsuliyyət kimdə olsun?” məsələlərinə yönəlir.
Sammitdə iştirak edən Nihad Tağızadə tədbirlə bağlı fikirlərini bölüşərək, bankların artıq müxtəlif AI modellərinə sahib olduğu, qarşıdakı əsas çağırışın həmin modellərin məhsul və komplayens səviyyəsində düzgün idarə edilməsindən ibarət olduğu qeyd edib. O, həmçinin BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan həmkarlarla təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə FAB, Mashreq, Emirates NBD, Abu Dhabi Islamic Bank, Dubai Islamic Bank, Riyad Bank, Qatar Islamic Bank və digər aparıcı maliyyə institutlarının yüksək səviyyəli rəhbərləri iştirak ediblər. FAB-ın Chief AI Officer-i Sebastian Walter, Mashreq-in Chief AI Officer-i Xi Liang, Emirates NBD-nin innovasiya və fintech rəhbəri Sean Sarginson və ADIB-in Group Chief Digital Officer-i Fernando Plaza Lopez kimi spikerlərin iştirakı ilə Agentic AI, etibar və idarəetmə mexanizmləri müzakirə olunub.
Sammitdə praktiki bankçılıq təcrübələrinə də geniş yer ayrılıb. “Inside a Digital-First GCC Bank” sessiyasında Dubai Islamic Bank-ın CIO-su Noman Rasheed və Mashreq-in Group CFO-su Norman Tambach rəqəmsal transformasiya təcrübələrini bölüşüblər. Burada əsas məqamlardan biri rəqəmsal transformasiyanın yalnız texnoloji platformalardan ibarət olmadığı, korporativ mədəniyyət və liderliyin də prosesin mühüm komponentləri olması ilə bağlı olub.
MEBIS 2026-da data və AI infrastrukturu, mobil bankçılıqda fırıldaqçılıq riskləri, kibertəhlükəsizlik, ödəniş sistemlərinin gələcəyi, SME bankçılığı və Open Finance kimi istiqamətlər də gündəmdə olub.
MEBIS 2026-nın gündəliyi bank sektorunda süni intellektə münasibətin yeni mərhələyə keçdiyini göstərir: əsas müzakirə artıq təkcə AI həllərinin yaradılması deyil, onların təhlükəsiz, etibarlı və məsuliyyətli şəkildə idarə olunmasıdır.






