ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından sonra Moskva yuan-rubl məzənnəsini əsas valyuta cütü kimi qəbul edib.
GDP xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Bankı məlumat yayımlayıb.
Yeni məhdudiyyətlər Rusiya ilə əməliyyatlar həyata keçirən istənilən qlobal maliyyə institutunu,Rusiya birjalarına sərmayə qoymağı hədəfləyirlər.
ABŞ-ın yeni sanksiyaları Moskva Birjasını dollar və avro ticarətini dayandırmağa vadar edib, bu isə çaşqınlığa səbəb olub. Rusiyada bəzi kreditorlar ABŞ dollarının satışını tamamilə dayandırıblar, bəzi yerli banklarda isə dollar-rubl məzənnəsi yüksəlib.
Rusiya Mərkəzi Bankının verdiyi açıqlamada bazarı sakitləşdirməyə çalışdığı görünür. Hökumət dollar və avronun iqtisadi proseslərdə rolunun son iki ildə “ardıcıl olaraq” azaldığını bildirib.
Mərkəzi Bank əlavə edib ki,yuan Moskva birjasında “əsas valyutaya” çevrilib. May ayında valyuta ticarətinin 54%-ni yuan təşkil edib. Mərkəzi bank bildirib ki, bu, “digər valyuta cütlükləri üçün trayektoriyanı təyin edəcək” və bazar iştirakçıları üçün təlimat olacaq.
Moskva həmçinin onilliklər ərzində dünyanın dominant ehtiyat valyutası olan ABŞ dollarının istifadəsindən yan keçmək üçün BRICS bloku ilə ödəniş platforması üzərində işləyir.