Swift-in Müştəri Təhlükəsizliyi Proqramında (CSP) 2027-ci il üçün əsas diqqət mövcud təhlükəsizlik tələblərinin tam tətbiqinə və gələcək texnoloji dəyişikliklərə hazırlığa yönəldiləcək.
GDP xəbər verir ki, bunu Swift-in təhlükəsizlik proqramı üzrə əməliyyatlar rəhbəri Jülyen Labriyer X Beynəlxalq Bankçılıq Forumunda onlayn çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müştərilər son iki ildə proqramın əhatə dairəsində çoxsaylı dəyişikliklər və yenilənmələrlə üzləşiblər. Bu səbəbdən 2027-ci ildə sabitləşməyə üstünlük verilməsi və mövcud nəzarət tədbirlərinə tam uyğunluğun təmin olunması nəzərdə tutulur.
J.Labriyer bildirib ki, növbəti il üçün yeni nəzarət tədbirlərinin irəli sürülməməsi qərara alınıb. Məqsəd müştərilərə mövcud tələbləri tam yerinə yetirmək və təhlükəsizlik mexanizmlərini möhkəmləndirmək imkanı yaratmaqdır.
Swift nümayəndəsi qeyd edib ki, proqram şirkətin yeni strateji təşəbbüslərini və bağlantı üsullarındakı dəyişiklikləri də nəzərə alır. Virtual təhlükəsizlik modullarının, kriptoqrafik açarların və sertifikatların qorunması, arxa ofis sistemlərindən Swift bağlantısına qədər məlumat axınının təhlükəsizliyi diqqətdə saxlanılır.
Onun sözlərinə görə, postkvant kriptoqrafiyasına hazırlıq da qarşıdakı dövrün əsas istiqamətlərindəndir. Müştərilər gələcək təhdidlərə qarşı dayanıqlılığı təmin etmək üçün bağlantı interfeyslərinin yeni standartlara uyğunlaşdırılmasına hazırlaşmalıdırlar.
J.Labriyer vurğulayıb ki, 2027-ci ildə əsas hədəf baza təhlükəsizlik tədbirlərinin tam və effektiv tətbiqini təmin etməklə Swift icmasını gələcək risklərə hazırlamaqdır.

