2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları 9 milyard 468,7 milyon manat təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 34,1 milyon manat və ya 12,3% çoxdur. Sektor üzrə büdcəyə proqnozlaşdırılandan əlavə 281,7 milyon manat vəsait daxil olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ümumilikdə 12 milyard 619,1 milyon manat vergi daxil olub. Bu göstərici proqnozu 900,1 milyon manat üstələyib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 1 milyard 58 milyon manat və ya 9,2% artıb.
Yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat təşkil edib və proqnoz 252,8 milyon manat üstələnib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 3 milyard 52,7 milyon manatdan çox olub.
Eyni dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manata yaxınlaşıb. Bu istiqamətdə proqnozdan əlavə 7,5 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatlarının payına 125,3 milyon manatdan çox vəsait düşüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 682 milyon manatı ötüb. Proqnozdan əlavə 17,4 milyon manat vəsait daxil olub, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 456,3 milyon manata yaxın təşkil edib.

