Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.
Qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə təqdim edilməklə, onların kağız üzərində yazılı və ya elektron formada bəyan edilməsi üçün nəzərdə tutulacaq.
Yeni qaydalara görə, fiziki şəxslər əl yükündə və ya müşayiət olunan baqajda istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı şəkildə bəyan edilməsi tələb olunan malları gömrük sərhədindən keçirərkən gömrük orqanına Qaydaların 10 nömrəli əlavəsində müəyyən edilmiş formada sadələşdirilmiş bəyannamə təqdim edəcəklər.
Müşayiət olunmayan baqajda keçirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün isə Qaydaların 12 nömrəli əlavəsində nəzərdə tutulan formada sadələşdirilmiş bəyannamə təqdim ediləcək.
Bu tələb Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulan sənədlərlə müşayiət edilən beynəlxalq poçt göndərişlərinə şamil olunmayacaq.
Dəyişikliklərlə əlaqədar Qaydaların 10 və 12 nömrəli əlavələri də yeni redaksiyada təsdiqlənib.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Əvvəlki qaydalara əsasən, “Qırmızı kanal” sistemi üzrə sadələşdirilmiş bəyannamə əsasən Qaydaların 10 nömrəli əlavəsində müəyyən edilən forma ilə təqdim olunurdu. Fiziki şəxslər yazılı şəkildə bəyan edilməli malları “Qırmızı kanal” vasitəsilə həmin sadələşdirilmiş bəyannaməni təqdim etməklə gömrük sərhədindən keçirirdilər.
Qeyd: Sadə dildə desək, dəyişiklikdən sonra şəxsin özü ilə apardığı baqajla sonradan ayrıca gələn və ya göndərilən baqaj üçün bəyannamə formaları daha aydın şəkildə bir-birindən ayrılır. Əlinizdə və ya sizinlə birlikdə gələn baqajda bəyan edilməli şəxsi mallar varsa, 10 nömrəli əlavə üzrə bəyannamə doldurulacaq. Baqaj sizdən ayrı şəkildə gəlirsə, məsələn, sonradan ayrıca daşınırsa, 12 nömrəli əlavə üzrə bəyannamə təqdim olunacaq. Söhbət satış və ya biznes məqsədilə gətirilən mallardan deyil, şəxsi istifadə üçün nəzərdə tutulan, amma gömrükdə yazılı şəkildə bəyan edilməsi tələb olunan mallardan gedir.

