Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mart ayının nəticələrinə əsasən ölkədə illik inflyasiyanın 5,6% təşkil etdiyini açıqlayıb.
GDP xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında AMB sədri bildirib ki, ərzaq inflyasiyası 6,5%, qeyri-ərzaq məhsulları üzrə inflyasiya 3,7%, ödənişli xidmətlər üzrə inflyasiya isə 5,7% olub. Mart ayının nəticələrinə görə illik baza inflyasiya 5,5% səviyyəsində formalaşıb.
Kazımovun sözlərinə görə, Azərbaycanda inflyasiyaya əsasən təklif amilləri təsir edir. Başlıca amil ticarət tərəfdaşlarının orta çəkili inflyasiyasıdır. 2025-ci ilin dekabrında bu göstərici 7,5% səviyyəsində olub və mart ayının inflyasiyasına 2,7 faiz bəndi artırıcı təsir göstərib.
Kənd təsərrüfatı istehsalı qiymətlərinin indeksi əsas təklif amillərdən biridir. 2026-cı ilin martında bu indeksin 4,2% artımı müşahidə edilib ki, bu da illik inflyasiyaya 1,78 faiz bəndi artırıcı təsir edib.
Nominal effektiv məzənnə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% ucuzlaşıb və inflyasiyanı 1 faiz bəndi artırıb.
Tələb amillərinə gəlincə, dövlət istehlakı 7,3%, ev təsərrüfatlarının istehlakı isə 9,2% artıb. Bu amillər ümumilikdə mart ayının inflyasiyasına 2 faiz bəndi artırıcı təsir göstərib. Digər amillər isə 2 faiz bəndi azaldıcı təsir edib.
Mərkəzi Bankın yenilənmiş proqnozlarına əsasən, inflyasiya proqnozları yuxarı doğru reviziya olunsa da, orta müddətdə inflyasiyanın hədəf diapazonu çərçivəsində olacağı gözlənilir. 2026-cı ilin sonuna illik inflyasiyanın 5,9% səviyyəsində proqnozlaşdırılır.

