Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Türkiyədə keçirilən “İstanbul İqtisadi Forumu”nda iştirak edib.
GDP.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Taleh Kazımov forum çərçivəsində “Qeyri-müəyyənlik şəraitində pul siyasəti” mövzusunda təşkil olunan panel müzakirəsində çıxış edərək qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklərin və geosiyasi risklərin Azərbaycan iqtisadiyyatına, eləcə də ölkədə həyata keçirilən pul siyasətinə təsirlərindən danışıb.
Mərkəzi Bankın sədri qiymət və makroiqtisadi sabitliyin qorunmasının, inflyasiya gözləntilərinin effektiv idarə edilməsinin və çevik qərarvermənin vacibliyini vurğulayıb. O, həmçinin mərkəzi bankların şəffaf kommunikasiyasının və institusional etibarlılığın əhəmiyyətini qeyd edib.
Taleh Kazımov qlobal çağırışlar fonunda mərkəzi banklar arasında beynəlxalq əməkdaşlığın və dialoqun gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən ikigünlük forumda qlobal iqtisadi perspektivlər, pul siyasəti, maliyyə sabitliyi, süni intellektin iqtisadiyyata təsirləri və beynəlxalq ticarətdə mövcud çağırışlar müzakirə olunur.




