Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov lombardlarla bağlı hüquqi-normativ bazanın yeniləndiyini və razılaşdırma mərhələsində olduğunu açıqlayıb.
Mərkəzi Bank rəhbəri bildirib ki, mövcud tənzimləmə müvafiq səviyyəyədək gətiriləcək. Bununla belə, razılaşdırma prosesinin bürokratik xarakter daşıdığını və müəyyən vaxt tələb etdiyini vurğulayıb.
Taleh Kazımov ümidvar olduğunu ifadə edib ki, sənədlər cari il ərzində təsdiqlənəcək və tətbiq olunacaq.
Qeyd edək ki, lombard fəaliyyətinin tənzimlənməsi maliyyə bazarının şəffaflığının artırılması və istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.

