Azərbaycanın daha şaxələndirilmiş iqtisadi inkişaf trayektoriyasının formalaşdırılmasında xarici investisiyalar xüsusi əhəmiyyət daşıyır.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı bildirib.
Mərkəzi Bankın sədri “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: inkişaf naminə tərəfdaşlıqların qurulması” sessiyasının “Qlobal maliyyə perspektivləri və regional təsirlər” mövzusuna həsr olunan tədbirində çıxış edib.
Taleh Kazımov qlobal qeyri-müəyyənliklər şəraitində tənzimləyici qurumların fəaliyyətində daha çevik və məlumatlara əsaslanan yanaşmaların zəruriliyindən danışıb.
O bildirib ki, Orta Dəhlizdə strateji mövqeyə malik nəqliyyat və logistika qovşağı olan Azərbaycan üçün daha şaxələndirilmiş iqtisadi inkişaf trayektoriyasının formalaşdırılmasında xarici investisiyalar xüsusi əhəmiyyət daşıyır.
Taleh Kazımov, həmçinin Azərbaycanın güclü makroiqtisadi göstəricilərinin, maliyyə sabitliyinin və beynəlxalq reytinqlərinin investorların etimadı üçün mühüm təməl formalaşdırdığını vurğulayıb.
Tədbir daha sonra beynəlxalq təşkilatların və yerli maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə panel müzakirəsi formatında davam edib.
Müzakirələr zamanı beynəlxalq kapitalın infrastruktur, sənaye və regional bağlantı layihələrinə yönəldilməsi, çoxtərəfli inkişaf bankları, özəl investorlar və maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda, kredit reytinqlərinin və bazar məlumatlarının investor etimadının formalaşmasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, eləcə də biznes liderlərini bir araya gətirir.


