Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) ödəniş sistemləri və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlayıb.
GDP xəbər verir ki, MKA-nın açıq mənbələr üzrə apardığı monitorinq zamanı “AzərPay”, “Express Pay”, “ExpersPay”, “KonturPay”, “million” və “PulPay” adlarından istifadə edən altı saxta internet resursu, həmçinin onların tanıdılması üçün yaradılmış sosial media hesabları müəyyən edilib.
Saxta saytlarda “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının ad və loqolarından istifadə olunaraq istifadəçilərə endirimli internet və danışıq paketləri təklif edilib. Lakin həmin səhifələr real ödəniş xidməti göstərməyib. Əvəzində istifadəçilərdən bank kartı məlumatlarını daxil etmələri tələb olunub.
Araşdırma nəticəsində müəyyən edilib ki, aşkarlanan resurslar oxşar şablon və iş prinsipi əsasında hazırlanıb. Saxta saytların tanıdılması məqsədilə “TikTok” platformasında ayrıca hesablar yaradılıb və həmin hesablardakı paylaşımlar ödənişli reklam vasitəsilə geniş auditoriyaya çatdırılıb. Reklamlarda “Ad”, “Learn more” və “Shop now” bölmələrinin yer alması ödənişli tanıtım mexanizmindən istifadə edildiyini göstərib.
MKA müəyyən edib ki, reklam materialları da eyni struktur və şablon əsasında hazırlanıb. Materiallarda müxtəlif mobil operatorların loqoları, paket cədvəlləri, eləcə də “Yay kampaniyası” və “Payız kampaniyası” kimi mövsümi ifadələrdən istifadə olunub. Əsasən yalnız brend elementləri və rənglər dəyişdirilib. Saxta resurslardan birində isə “Expressbank”ın adı və vizual üslubu təqlid edilib.
Agentliyin qiymətləndirməsinə görə, aşkarlanan hallar ayrı-ayrı kiberdələduzluq cəhdləri deyil, eyni şablon və reklam mexanizmi üzərində qurulmuş vahid fişinq şəbəkəsinin elementləridir. Bu baxımdan, yalnız ayrı-ayrı domenlərin bloklanması şəbəkənin fəaliyyətinin tam dayandırılması üçün kifayət etməyə bilər. Mövcud resursların əvəzinə eyni üsulla yeni domenlərin və sosial media hesablarının yaradılması mümkündür.
MKA vətəndaşlara internet və mobil rabitə paketləri ilə bağlı kampaniya və təklifləri yalnız müvafiq şirkətlərin rəsmi internet resursları və sosial media hesabları vasitəsilə yoxlamağı tövsiyə edir.
Vətəndaşlara, həmçinin tanımadıqları və etibarlılığına əmin olmadıqları keçidlərdə bank kartı məlumatlarını daxil etməmək çağırışı edilib.

