Maliyyə xidmətlərinin inkişafında rəqəmsallaşmadan sonra növbəti mərhələ intellektual maliyyəyə keçiddir. Bu mərhələdə süni intellekt, maşın öyrənməsi və böyük verilənlər maliyyə qərarlarının qəbulunda və xidmətlərin təqdim edilməsində daha geniş rol oynayacaq.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) İntellektual Maliyyə və FinTech Tədqiqat Qrupunun rəhbəri, ödənişlər, FinTech və maliyyə tənzimlənməsi üzrə beynəlxalq ekspert Xəyaləddin Tağıyev “LinkedIn” hesabında paylaşım edib.
Onun sözlərinə görə, FinTech maliyyə xidmətlərinin göstərilməsi üsulunu dəyişərək ödənişləri sürətləndirib, bank xidmətlərini daha əlçatan edib və maliyyə ekosisteminin rəqəmsallaşmasını təmin edib. Hazırda isə bu transformasiyanın növbəti mərhələsi olan “Intelligent Finance” — intellektual maliyyəyə keçid baş verir.
Xəyaləddin Tağıyev bildirib ki, FinTech maliyyə xidmətlərində innovasiyalar yaratmaq üçün texnologiyalardan istifadəni nəzərdə tutursa, intellektual maliyyə süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və süni intellekt agentləri vasitəsilə maliyyə qərarlarının qəbulunu və xidmətlərin təqdim edilməsini yeni səviyyəyə yüksəldir.
Bu transformasiya maliyyə xidmətlərini ənənəvi rəqəmsal əməliyyatlardan proqnozlaşdırıcı, fərdiləşdirilmiş və getdikcə daha avtonom həllərə yönəldir. Süni intellekt əsaslı maliyyə köməkçiləri, süni intellekt agentləri vasitəsilə həyata keçirilən ödənişlər, fırıldaqçılığı aşkarlayan ağıllı sistemlər və avtomatlaşdırılmış maliyyə idarəetməsi bu keçidin konkret nümunələridir.
“FinTech maliyyəni rəqəmsallaşdırdı. Intelligent Finance isə onu daha ağıllı edir”, — deyə Xəyaləddin Tağıyev vurğulayıb.
Onun fikrincə, maliyyə xidmətlərində gələcək rəqabət üstünlüyü yalnız rəqəmsallaşmadan deyil, texnologiya, məlumat, intellekt və etimadın effektiv inteqrasiyasından asılı olacaq.

