ABŞ Maliyyə Nazirliyi bu həftə 12,5 milyard dollar həcmində dövlət istiqrazlarının geri alışını həyata keçirir. GDP xəbər verir ki, bu addım bazarda ABŞ dövlət borc kağızlarına tələbin zəifləməsi fonunda diqqət çəkir.
Məlumata görə, Çin 41 milyard dollar, Yaponiya isə 47 milyard dollar həcmində ABŞ dövlət istiqrazlarını satıb. Son 30 gün ərzində xarici investorların satışlarının ümumi həcminin 240 milyard dollara çatdığı bildirilir.
İstiqraz bazarında satışların güclənməsi qiymətlərin aşağı düşməsinə, gəlirliliyin isə yüksəlməsinə səbəb olur. Nəticədə uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliyi son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Bu tendensiyanın davam etməsi ABŞ hökumətinin borclanma xərclərini artıra və maliyyə bazarlarında əlavə təzyiq yarada bilər. Xüsusilə xarici investorların ABŞ dövlət borcuna marağının azalması istiqraz bazarında tələb-təklif balansı baxımından əsas risk faktorlarından biri kimi izlənilir.

