Azərbaycan bank sektorunun xalis faiz gəlirləri 2024-cü ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 12% (145 milyon manat) artaraq 1 milyard 379 milyon manat təşkil edib.
Bu barədə GDP Mərkəzi Bankın Maliyyə Sabitliyi Hesabatına istinadən xəbər verir .
Artan faiz gəlirləri fonunda bank sektorunun mənfəət marjası 22,2%-ə çatıb. Bankların faiz spredinin dinamikası da ilin əvvəlindən sabitləşməyə başlayıb. Faizli aktivlərin gəlirliyinin və maliyyələşmə mənbələrinin dəyərinin artımı nəticəsində sektorun faiz spredi 0,1 faiz bəndi artaraq 5,7% olub.
Bankların faiz gəlirlərinin bütün komponentlərində artım müşahidə edilsə də, əsas artım biznes və istehlak kreditləri üzrə faiz gəlirlərinin hesabına baş verib. 2024-cü ilin birinci yarısında sektorun faiz gəlirləri 18% (294 milyon manat) artaraq 2 milyard manata çatıb. Bu artımın 53%-i biznes kreditləri, 33%-i isə istehlak kreditləri üzrə faiz gəlirlərinin payına düşüb.