1987-ci il oktyabrın 19-da Dow Jones Industrial Average indeksi yeddi saat davam edən kəskin eniş yaşayıb. Əvvəlki bir neçə il ərzində sabit artımla xarakterizə olunan ABŞ fond bazarını panika, xaos və səhmlərin kütləvi satışı dalğası bürüyüb.
GDP xəbər verir ki,ticarət sessiyası ərzində indeks 22,6% ucuzlaşıb. Bu, ABŞ fond bazarı tarixində bir gün ərzində qeydə alınmış ən böyük faiz azalmasıdır. Həmin vaxtdan bəri Amerika fond bazarında bu miqyasda gündəlik çöküş müşahidə olunmayıb.
Miqyasına görə, bu eniş hətta Böyük Depressiyaya səbəb olan 1929-cu il birja çöküşünü də geridə qoyub.
Ekspertlər birja çöküşünün bir neçə mümkün səbəbini qeyd edirlər. Bunlardan biri əvvəlki dövrdə fond bazarlarında müşahidə olunan güclü yüksəlişdir.
Belə ki, 1987-ci ilin ilk yarısında Dow Jones Industrial Average indeksi 44% artmışdı. Həmin dövrdə səhmlərə investisiya yatırmaq olduqca populyar idi. Birja ticarətində təkcə iri investorlar deyil, sıravi amerikalılar da fəal iştirak edirdilər.
Çöküşə təsir göstərən digər amil isə o dövrdə birja əməliyyatlarının həyata keçirilmə xüsusiyyətləri və elektron ticarət alətlərinin kifayət qədər təkmilləşdirilməməsi idi.

