Oktyabrın 13–14-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən beynəlxalq konfransda süni intellektin və rəqəmsal texnologiyaların təhsilə, əmək münasibətlərinə və işçilərin sosial müdafiəsinə təsiri müzakirə edilib.
GDP xəbər verir ki, bu barədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayev məlumat verib.
Onun sözlərinə görə, konfransda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi ölkədə rəqəmsallaşma və süni intellektin inkişafı istiqamətində görülən işlər, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bu sahədə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
Araz Paşayev bildirib ki, müzakirələr və beynəlxalq təcrübə mübadiləsi gələcək fəaliyyətə, eləcə də yeni təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcək.






