Azərbaycanda əhalinin valyuta satması ilə yanaşı, bank əmanətlərinin artması da müşahidə olunur.
GDP xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, doqquz ayda fiziki şəxslərin əmanətləri 2,1 milyard manat, müddətli əmanətləri isə 1,4 milyard manat artıb. Eyni dövrdə əhalinin real gəlirlərində 3,7 faiz artım qeydə alınıb.
AMB sədri bu göstəricilərin əhalinin yalnız gündəlik dolanışıq üçün valyuta satması barədə yanaşmanı ümumi mənzərə üzrə təsdiqləmədiyini bildirib.
Taleh Kazımov valyutaya tələbin azalmasını manata və bank sektoruna etimadın artması ilə əlaqələndirib. O, iqtisadi artımın dinamikasının da valyuta tələbinə təsir edə biləcəyini qeyd edib.

