Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) təqdim etdiyi gündəlik kreditlər üzrə tələbləri yenidən sərtləşdirməyi nəzərdə tutur.
GDP xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə tədbirlər əhalinin izafi borclanmasının qarşısının alınmasına və faizlərin daha məqbul səviyyəyə gətirilməsinə yönəlib. Mərkəzi Bank son illərdə gündəlik kreditlərdən əldə edilə bilən gəlirlərə, o cümlədən komissiya və dəbbə pullarına dair tələbləri mərhələli şəkildə sərtləşdirir.
Taleh Kazımov bildirib ki, məqsəd bu kredit məhsulunu tamamilə bazardan çıxarmaq deyil. Tənzimləyici əhalinin maliyyə resurslarına çıxışını qorumaqla həmin kreditləşmənin daha sağlam şəkildə həyata keçirilməsini istəyir.

