Neft qiymətləri ucuzlaşır və həftəni azalma ilə başa vurmağa doğru gedir. Buna Yaxın Şərqdən neft ixracının həcminin bərpa olunması təsir göstərir. Bu tendensiya husilərin Səudiyyə Ərəbistanına hücumlarına və Hörmüz boğazında tankerlərə qarşı hücumlarla bağlı məlumatlara baxmayaraq davam edir.
Londonun ICE Futures birjasında yanvar ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 19:00-a olan məlumata əsasən, əvvəlki ticarət sessiyasının bağlanış göstəricisi ilə müqayisədə 1,04 dollar və ya 1,13% azalaraq bir barel üçün 90,94 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) dekabr ayı üzrə WTI markalı neftin fyuçerslərinin qiyməti isə həmin vaxta 0,62 dollar və ya 0,75% ucuzlaşaraq bir barel üçün 82,59 dollara enib. Bu müqavilələrin birja tədavülü cümə günü ticarət sessiyasının bağlanması ilə başa çatır.
Daha fəal ticarət olunan yanvar ayı üzrə WTI fyuçersləri isə 0,51 dollar və ya 0,62% ucuzlaşaraq bir barel üçün 81,93 dollar səviyyəsinə düşüb.

