Azərbaycanda onlayn və oflayn platformalar üzərindən həyata keçirilən virtual oyun ödənişlərinin illik dövriyyəsi təxminən 100 milyon manat təşkil edir.
Bunu GDP -yə açıqlamasında “Rabitəbank” ASC-nin baş direktoru Ziya Nuriyev bildirib.
Onun sözlərinə görə, bu həcm həm peşəkar virtual oyunçuların, həm də gündəlik müxtəlif virtual oyunlar oynayan və oyundaxili elementlərin alınmasına vəsait xərcləyən istifadəçilərin ödənişlərini əhatə edir.
Z.Nuriyev qeyd edib ki, bankın məqsədi virtual oyunçuların ehtiyaclarına uyğun məhsul təqdim etmək və oyun icmasını bir araya gətirməkdir. İlkin mərhələdə peşəkar virtual oyunçuların tələbatına diqqət yetiriləcək, daha sonra məhsul digər istifadəçilərin ehtiyaclarına uyğun zənginləşdiriləcək.
Baş direktorun sözlərinə görə, nəzərdə tutulan yeniliklərdən biri virtual oyun ödənişlərinin birbaşa “Rabitəbank”ın mobil tətbiqi vasitəsilə həyata keçirilməsi üçün inteqrasiyaların qurulmasıdır. Bu imkan istifadəçilərə ödənişlərini mobil tətbiqdən rahat və təhlükəsiz şəkildə aparmağa şərait yaradacaq.
Bank gələn il ərzində hər rübdə bir virtual oyun yarışı keçirməyi də planlaşdırır. Yarışların “World of Tanks”, PUBG və Azərbaycanda populyar olan digər oyunlar üzrə təşkili nəzərdə tutulur.
Z.Nuriyev bu istiqamətdə əsas tərəfdaşlarının Visa olduğunu vurğulayıb. Onun sözlərinə görə, Visa həm məhsulun hazırlanmasına, həm də yarışların təşkilinə dəstək göstərir. Məhsulun yaradılması prosesində Visa Consulting komandasının məsləhət xidmətlərindən də istifadə olunub.
Müəllif:Aynur Qəniyeva

