“Rabitəbank” virtual oyunlar üzrə ödənişlərin birbaşa bankın mobil tətbiqi vasitəsilə həyata keçirilməsi üçün inteqrasiyalar qurmağı planlaşdırır.
Bunu GDP-yə açıqlamasında “Rabitəbank” ASC-nin baş direktoru Ziya Nuriyev bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan yenilik istifadəçilərə virtual oyunlar üzrə ödənişlərini mobil tətbiq üzərindən rahat və təhlükəsiz şəkildə həyata keçirmək imkanı verəcək.
Z.Nuriyev qeyd edib ki, bank ilkin mərhələdə peşəkar virtual oyunçuların ehtiyaclarını qarşılamağı hədəfləyir. Növbəti mərhələdə isə məhsul gündəlik virtual oyunlar oynayan digər istifadəçilərin tələbatına uyğun zənginləşdiriləcək.
Baş direktorun sözlərinə görə, Azərbaycanda onlayn və oflayn platformalar vasitəsilə virtual oyunlar üçün həyata keçirilən ödənişlərin illik dövriyyəsi təxminən 100 milyon manat təşkil edir. Bu məbləğ həm peşəkar oyunçuların, həm də gündəlik istifadəçilərin virtual oyunlarda müxtəlif oyundaxili elementlərin alınmasına yönəltdikləri ödənişləri əhatə edir.

