Azərbaycan Mərkəzi Bankı 2027–2030-cu illər üçün maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə dövlət proqramı üzərində işləyir.
GDP xəbər verir ki, bunu Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, proqramın əsas məqsədi Azərbaycanı regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir.
Ə.Məmmədyarovun sözlərinə görə, sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi maliyyə bazarlarında fəaliyyət qaydalarını köklü şəkildə dəyişdirir. Bu isə ənənəvi risklərin azaldılması tədbirləri ilə yanaşı, texnoloji və kiberrisklərə yönəlmiş nəzarət mexanizmlərinin daha sürətlə tətbiqini zəruri edir.
O vurğulayıb ki, maliyyə sektorunun gələcək inkişafı üçün rəqəmsal hazırlıq səviyyəsi Mərkəzi Bankın diqqət mərkəzindədir.

