SABAH.HUB İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”-u yaradılıb.
Fond, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilib.
“SABAH.fund”-ın əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə “Moonwake Investment”, SOCAR, “Integrity Group”, Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır.“SABAH.fund” sərhədləri aşan bir vençur kapital fondu olaraq, SABAH.HUB İnnovasiya Mərkəzinin “Techplomacy” təşəbbüsünə dəstək vermək məqsədi daşıyır. Fond, innovativ sahibkarları dəstəkləyərək, əsas sahələrdə və sürətlə inkişaf edən regionlarda texnoloji irəliləyişlərə təkan verməyi hədəfləyir.
Fondun investisiya strategiyasına görə birinci dərəcəli sahələr “FinTech”, “CleanTech” və “EdTech”-dir. İkinci dərəcəli sahələr isə rəqəmsal sağlamlıq, “AgriTech”, “PropTech” və “LogisticsTech”-dir. SABAH.fund regionda ən perspektivli və yenilikçi texnologiya startaplarına toxumdan əvvəlki (pre-seed) və toxum (seed) mərhələlərində investisiya edəcəkdir.