Azərbaycan Beynəlxalq Bankının (ABB) Özbəkistanda nəzarət səhm paketini satın aldığı Davr Bankın rəhbərliyində ciddi dəyişikliklər edilib. Bankın Müşahidə Şurasının tərkibi tam yenilənib, ABB-nin iki nümayəndəsi isə İdarə Heyəti sədrinin müavini təyin olunub.
GDP xəbər verir ki, müvafiq qərarlar Davr Bank səhmdarlarının oktyabrın 9-da keçirilən növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərarlar barədə məlumat oktyabrın 13-də Özbəkistanın Korporativ İnformasiya Vahid Portalında açıqlanıb.
Yığıncaqda bankın Müşahidə Şurasının əvvəlki üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Yeni Müşahidə Şurasına ABB İdarə Heyəti sədrinin müavinləri Taleh Tahirli və Aqşin Əmirov, həmçinin müstəqil üzvlər Şəfəq Həsənova, Səid Abdunəbiyev və Fərhad Roziyev seçiliblər.
Müşahidə Şurasının yeni tərkibi səlahiyyətlərinin hər il təsdiqlənməsi şərti ilə üç il müddətinə formalaşdırılıb.
Bununla yanaşı, bankın İdarə Heyətində də dəyişikliklər aparılıb. ABB-nin baş direktoru Aynur Süleymanlı və ABB İdarə Heyəti sədrinin müşaviri Heybət Qədirov Davr Bankın İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.
Bankın İdarə Heyətinin sədri vəzifəsində Abduməcid Səmədov saxlanılıb. İdarə Heyətinin yeni tərkibinə Samarjon Nəzərov və Nodir Xəlilov da daxildir.
Səhmdarların qəbul etdiyi digər mühüm qərar bankın adının dəyişdirilməsi ilə bağlıdır. Belə ki, Davr Bankın adı “ABB Davr Bank” ASC olaraq dəyişdiriləcək. Yeni ad bankın nizamnaməsi dövlət qeydiyyatından keçdikdən sonra qüvvəyə minəcək. Bank kommersiya fəaliyyətində “ABB Davr” brendindən istifadə edəcək.
Yığıncaqda, həmçinin bankın dividend siyasəti və korporativ idarəetmə sənədlərinin yeni redaksiyaları təsdiqlənib. ABB-nin Daxili Audit Ofisinə Davr Bankda planlı və plandankənar yoxlamalar aparmaq səlahiyyəti verilib. Bankın 2026-cı il üzrə maliyyə hesabatlarının məcburi auditi isə “Ernst & Young” şirkətinə həvalə olunub.
Xatırladaq ki, ABB 2026-cı ilin sentyabrında Davr Bankın 51 faizlik səhm paketini təxminən 140 milyon ABŞ dollarına satın alıb. Əməliyyat çərçivəsində bankın 51 milyon adi səhmi 1,646 trilyon Özbəkistan somuna əldə edilib.
Davr Bank 2025-ci ili 631,5 milyard som, 2026-cı ilin ilk altı ayını isə 368,7 milyard som xalis mənfəətlə başa vurub.

