Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı genişmiqyaslı kiberhücumlar qeydə alınıb.
GDP xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, kiberhücumlar 13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən başlayaraq müşahidə olunub. Hücumlar nəticəsində xarici haker qruplaşması tərəfindən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına məxsus 100-dən artıq dövlət domeni hədəfə alınıb.
Məlumata əsasən, kiberhücumların təsiri nəticəsində bəzi dövlət qurumlarının internet informasiya ehtiyatlarının fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçirilən operativ texniki tədbirlər nəticəsində hücumların təsirləri məhdudlaşdırılıb və dövlət saytlarının fəaliyyətinin davamlılığı təmin edilib.
Qeyd olunub ki, hazırda dövlət informasiya sistemlərinin kibertəhlükəsizliyinin gücləndirilməsi, mövcud təhdidlərin aradan qaldırılması və informasiya infrastrukturunun qorunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Hücumların hansı xarici haker qruplaşması tərəfindən həyata keçirildiyi, eləcə də hansı dövlət qurumlarının saytlarının təsirləndiyi barədə əlavə məlumat açıqlanmayıb.

