2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz artaraq 4 milyard 230,9 milyon kVt·st təşkil edib.
GDP xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2026-cı ilin ilk 9 ayı üzrə operativ məlumatlarında bildirilir.
Məlumata əsasən, hesabat dövründə ölkədə ümumilikdə 21 milyard 190,9 milyon kVt·st elektrik enerjisi istehsal olunub.
İstehsalın 16 milyard 960 milyon kVt·st-ı istilik elektrik stansiyalarının (İES), 2 milyard 767,1 milyon kVt·st-ı su elektrik stansiyalarının (SES), 1 milyard 463,8 milyon kVt·st-ı isə digər mənbələrin payına düşüb.
Digər mənbələr üzrə istehsalın 768,7 milyon kVt·st-ı külək elektrik stansiyalarında, 501,5 milyon kVt·st-ı günəş elektrik stansiyalarında, 193,6 milyon kVt·st-ı isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ən böyük artım külək enerjisi istehsalında müşahidə olunub. Belə ki, külək elektrik stansiyalarında istehsal 698,4 milyon kVt·st artaraq 768,7 milyon kVt·st-a çatıb. Bu isə təxminən 10,9 dəfə artım deməkdir.
Eyni zamanda, su elektrik stansiyalarında istehsal 352,8 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 10,2 milyon kVt·st artıb.
Ümumilikdə, SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı illik müqayisədə 1 milyard 51,9 milyon kVt·st artıb. Bununla da bərpa olunan enerji mənbələrinin ölkənin ümumi elektrik enerjisi istehsalındakı payı təxminən 20 faizə çatıb.
Hesabat dövründə “Azərenerji” ASC tərəfindən 18 milyard 233,4 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Bunun 15 milyard 434,8 milyon kVt·st-ı istilik, 2 milyard 753,1 milyon kVt·st-ı su, 45,5 milyon kVt·st-ı isə günəş elektrik stansiyalarının payına düşüb.
Müstəqil elektrik stansiyalarında isə 2 milyard 957,5 milyon kVt·st elektrik enerjisi istehsal olunub.
Elektrik enerjisinin xarici ticarətində də müsbət saldo qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycandan 301,6 milyon kVt·st elektrik enerjisi ixrac edilib, idxal isə 170,6 milyon kVt·st təşkil edib.
Nəticədə elektrik enerjisinin xalis ixracı 131 milyon kVt·st olub.
Açıqlanan göstəricilər ölkənin elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin rolunun artdığını, xüsusilə külək enerjisi sektorunda əhəmiyyətli genişlənmə müşahidə edildiyini göstərir.

