Mikromaliyyə sektorunun inkişafında məsuliyyətli kreditləşmə, uzunmüddətli maliyyə resurslarına çıxış və təhlükəsiz rəqəmsallaşma xüsusi əhəmiyyət daşıyır.
GDP xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Müşahidə Şurasının sədri Cəlal Əliyev konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son illərdə normativ bazanın möhkəmləndirilməsi, borcalanların ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb. C.Əliyev 2025–2026-cı illərdə bu sahədə atılan addımları sektorun inkişafı baxımından yüksək qiymətləndirib.
AMFA sədri vurğulayıb ki, maliyyə xidmətlərinin göstərilməsində sürətlə yanaşı, şərtlərin aydınlığı və müştərinin məlumatlı qərar verməsi də diqqət mərkəzində olmalıdır.
C.Əliyev Mərkəzi Bank tərəfindən mikromaliyyə sektoruna dair strateji çərçivə sənədinin hazırlanmasını və təqdim edilməsini sektorun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm addım kimi dəyərləndirib. O, sənədin icrasında dövlət qurumları, bank olmayan kredit təşkilatları, investorlar və inkişaf tərəfdaşları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Çıxışda uzunmüddətli maliyyə resurslarına və investorlara çıxışın genişləndirilməsi, etibarlı məlumat infrastrukturunun yaradılması, eləcə də sosial və ekoloji təsirlərin nəzərə alınması vacib istiqamətlər sırasında göstərilib.
AMFA sədri alternativ enerjidən istifadəni, enerji səmərəliliyini və iqlim dəyişikliklərinə uyğunlaşmanı dəstəkləyən maliyyə məhsullarının perspektivli olduğunu bildirib. O, nəticələrin qiymətləndirilməsi zamanı dəstəklənən bizneslərin inkişafına və müştərilərin maliyyə rifahına da diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
C.Əliyev konfransın yeni investisiyalara, faydalı təcrübə mübadiləsinə və birgə təşəbbüslərə təkan verəcəyinə ümid etdiyini bildirib.

