Avropada təbii qazın qiymətləri kəskin artaraq 2022-ci ildən bəri müşahidə olunmayan səviyyələrə yüksəlib.
GDP xəbər verir ki, Avropa İttifaqının qaz ticarəti mərkəzlərində qiymət artımına bir sıra amillər, o cümlədən yeraltı qaz anbarlarında ehtiyatların azalması, mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə məhdudiyyətlər və tranzit marşrutları ilə bağlı qeyri-müəyyənlik təsir göstərir.
Qiymət artımının əsas səbəblərindən biri nisbətən soyuq keçən istilik mövsümündən sonra Avropanın yeraltı qaz anbarlarında ehtiyatların azalmasıdır. Eyni zamanda, Asiya ölkələrinin LNG-yə tələbatının artması beynəlxalq bazarda rəqabəti gücləndirərək Avropaya yönələn tədarük həcmlərinə təzyiq yaradır.
Təbii qazın bahalaşması Avropa sənayesi üçün əlavə maliyyə yükü formalaşdırır. Xüsusilə kimya, metallurgiya və gübrə istehsalı kimi enerji tutumlu sahələrdə istehsal xərclərinin artacağı gözlənilir.
Ekspert qiymətləndirmələrinə əsasən, müəssisələrin enerji xərclərindəki artımı qısa müddətdə son məhsulların qiymətinə tam ötürməsi çətin olduğundan şirkətlərin mənfəət marjaları azala bilər.
Bununla yanaşı, enerji qiymətlərinin yüksəlməsi Avrozonada inflyasiya təzyiqlərini gücləndirə və Avropa Mərkəzi Bankının (AMB) pul siyasəti qərarlarına təsir göstərə bilər.
İnflyasiya risklərinin artması faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə saxlanılması ehtimalını gücləndirir. Bu isə maliyyə bazarlarında riskli aktivlərə təzyiq yarada bilər.
Belə şəraitdə investorların enerji sektoruna və xammal bazarlarına marağının artması, iqtisadi tsikllərdən daha çox asılı olan şirkətlərin səhmlərinin isə təzyiq altında qalması mümkündür.
Analitiklər hesab edirlər ki, qaz bazarındakı mövcud vəziyyət Avropanın enerji təhlükəsizliyi, sənaye rəqabətqabiliyyətliliyi və inflyasiya perspektivləri baxımından mühüm risklər yaradır.

