2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib. Bu göstərici proqnozdan 1 milyard 163,5 milyon manat və ya 3,6 faiz çoxdur.
GDP.AZ xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 milyard 65,2 milyon manat olub. Bu da proqnozdan 1 milyard 274,2 milyon manat və ya 8,6 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 5 milyard 613,5 milyon manat daxil olub ki, bu da proqnozu 1,5 milyon manat və ya 0,03 faiz üstələyib.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 10 milyard 697 milyon manat təşkil edərək proqnoza uyğun, 100 faiz icra olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat olub. Bu göstərici proqnozdan 11,8 milyon manat və ya 33 faiz çoxdur. Sair daxilolmalar isə 540 milyon manat təşkil edərək proqnozu 24,6 faiz üstələyib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606,1 milyon manat olub. Bu istiqamətdə proqnoz 72,4 faiz icra edilib.
Dövlət büdcəsinin xərcləri isə 28 milyard 761,4 milyon manat təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 40,8 milyon manat və ya 3,8 faiz çoxdur.
Beləliklə, yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri xərclərini 4 milyard 808,2 milyon manat üstələyib.
Hesabat dövründə icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri isə 34 milyard 82,4 milyon manat olub.
Bununla yanaşı, xəzinədarlıq orqanları tərəfindən 10 ay ərzində 1 milyon 110 mindən çox ödəniş tapşırığı qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və tam şəkildə icra edilib.

