“AzerGold” QSC Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib.
Kolleksiyanın dizaynında Kəlbəcərin tarixi, təbiəti və mədəni irsini əks etdirən elementlərə yer verilib. Sikkələrdə XIX əsrin sonlarına aid qədim Kəlbəcər məfrəşinin ornamentləri, bölgənin arıçılıq ənənələrini simvolizə edən arı pətəyi motivləri, həmçinin aşıq sənəti və saz ifaçılığına istinad edən 17 simmetrik xətt istifadə olunub.
Məhsullar Azərbaycanda hasil edilən qızıl və gümüşdən 999.9 əyarda hazırlanıb. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə təqdim edilir.
Yeni kolleksiyanı “AzerGold”un Bakıdakı Satış və Mübadilə Mərkəzindən, eləcə də şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.
Hazırda “AzerGold”un məhsul portfelində 15 qızıl və 12 gümüş olmaqla ümumilikdə 27 kolleksiya mövcuddur.

