Azərbaycan Respublikası Rəqəmsal Əməkdaşlıq Təşkilatına (Digital Cooperation Organization – DCO) üzv qəbul olunub.
DCO-ya üzvlük Azərbaycanın beynəlxalq rəqəmsal əməkdaşlığının genişləndirilməsi, qabaqcıl rəqəmsal siyasət və təcrübələrə çıxışının artırılması, eləcə də ölkənin rəqəmsal iqtisadiyyatının inkişafı baxımından yeni imkanlar yaradacaq.
Təşkilat çərçivəsində Azərbaycan qabaqcıl rəqəmsal siyasətlər, beynəlxalq standartlar və uğurlu təcrübələrin mübadiləsindən faydalana biləcək. Eyni zamanda yerli startapların DCO-ya üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur maliyyələşdirilməsi imkanlarına çıxışının genişlənməsi gözlənilir.
Üzvlük gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramlarının həyata keçirilməsinə, rəqəmsal bacarıqların inkişafına, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıqların qurulmasına da imkan verəcək.
Azərbaycanın DCO çərçivəsində əməkdaşlığı ölkənin Cənubi Qafqaz və Orta Asiya arasında rəqəmsal körpü rolunun gücləndirilməsinə töhfə verəcək. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində isə e-hökumət, süni intellekt və smart həllər sahəsində üzv ölkələrlə təcrübə mübadiləsi üçün əlavə imkanlar yaranacaq.
Bununla yanaşı, Azərbaycanın İKT potensialının, Rəqəmsal İnkişaf Şurası çərçivəsində görülən işlərin, ölkədə rəqəmsallaşma üçün yaradılmış imkanların və son illərdə reallaşdırılan əsas rəqəmsal layihələrin DCO və təşkilata üzv ölkələrlə paylaşılması nəzərdə tutulur. Qarşılıqlı təcrübə mübadiləsi Azərbaycanın rəqəmsal məhsul və xidmətlərinin ixrac potensialının artırılmasına da xidmət edəcək.
Azərbaycanın təqdim edə biləcəyi əsas rəqəmsal həllər sırasında vətəndaşlar, dövlət qurumları və biznes üçün vahid elektron xidmət ekosistemini formalaşdıran “mygov” və “mygov Business” platformaları, dövlət rəqəmsal xidmətləri arasında fasiləsiz məlumat mübadiləsini təmin edən “Digital Bridge”, təhlükəsiz vahid giriş sistemi “Digital Login”, qurumlararası sənəd idarəçiliyini optimallaşdıran Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi (RSD), həmçinin pulsuz biometrik rəqəmsal imza həlli SIMA yer alır.
DCO-ya üzvlük Azərbaycanın regional və qlobal səviyyədə rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığının gücləndirilməsinə, həmçinin rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən siyasət və qanunvericilik təşəbbüslərinin koordinasiyasına töhfə verəcək.
Qeyd edək ki, 2020-ci ilin noyabrında təsis olunan Rəqəmsal Əməkdaşlıq Təşkilatı rəqəmsal iqtisadiyyatın inklüziv inkişafını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin edilməsini hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.

