Dünya Birjalar Federasiyasının (World Federation of Exchanges – WFE) listinq fəaliyyətinin genişləndirilməsi üzrə müəyyən etdiyi 10 prinsip kapital bazarlarının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
GDP xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov bildirib.
O, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun və baş əməliyyat inzibatçısı Mətin Yolçiyevin Dünya Birjalar Federasiyasının 65-ci Baş Assambleyasında iştirakından sonra qurumun kapital bazarlarının inkişafına dair yeni hesabatını diqqətə çatdırıb.
F.Axundovun sözlərinə görə, sənəddə kapital bazarlarının yeni emitentləri cəlb etmək və mövcud listinqlərin davamlılığını təmin etmək imkanlarının gücləndirilməsinə yönəlmiş 10 prinsip və praktiki tövsiyələr öz əksini tapıb.
O bildirib ki, hesabat inkişaf etmiş, inkişaf etməkdə olan və formalaşma mərhələsində olan kapital bazarlarında fəaliyyət göstərən fond birjaları üçün faydalı çərçivə təqdim edir. Sənəddə hər bir bazarın spesifik xüsusiyyətlərinə və mövcud şəraitinə uyğun yanaşmaların tətbiqinin vacibliyi vurğulanır.
F.Axundov qeyd edib ki, Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü olaraq Bakı Fond Birjası qurumun araşdırmalarından, analitik materiallarından və beynəlxalq təcrübəsindən faydalanmaq imkanını yüksək qiymətləndirir. Bu əməkdaşlıq Azərbaycanın kapital bazarının davamlı inkişafına töhfə verir.
Qeyd edək ki, Dünya Birjalar Federasiyasının 2026-cı ilin noyabr ayında dərc etdiyi hesabatda qlobal miqyasda ilkin kütləvi təkliflərin (IPO) sayının azalmasına diqqət çəkilib. Belə ki, 2024-cü ildə Amerika regionu istisna olmaqla, bütün regionlarda IPO-ların sayı azalıb və dünya üzrə 1 133 IPO həyata keçirilib. Bununla yanaşı, IPO-ların orta həcmi 7,6% artıb, 1 milyard dollardan çox kapital cəlb edən IPO-ların sayı isə iki dəfədən çox yüksəlib.
Federasiya listinq fəaliyyətinin genişləndirilməsi üçün aşağıdakı 10 əsas prinsipi müəyyən edib:
-
Səhmlərə investisiya mədəniyyətinin inkişaf etdirilməsi;
-
Sabit tənzimləyici mühitin və maliyyə sabitliyinin təmin edilməsi;
-
Şirkətlərin bütün inkişaf mərhələlərində kapitala etibarlı çıxışının təmin edilməsi;
-
Açıq kapital bazarlarında uzunmüddətli inkişafın stimullaşdırılması;
-
Listinq tələblərinin optimallaşdırılması;
-
Şirkətlərin açıq kapital bazarlarına mərhələli keçidinin təmin edilməsi;
-
İnvestisiya araşdırmalarının genişləndirilməsi və şirkətlərin əsaslandırılmış qiymətləndirilməsi;
-
Audit və təsdiqləmə tələblərinin optimallaşdırılması;
-
Texnoloji innovasiyaların dəstəklənməsi və risklərin idarə olunması;
-
Güclü kapital bazarı infrastrukturunun formalaşdırılması.
Hesabatda listinqin stimullaşdırılması məqsədilə vergi güzəştlərinin tətbiqi, fərdi investorların IPO-lara çıxışının genişləndirilməsi, pensiya fondlarının və kollektiv investisiya mexanizmlərinin inkişaf etdirilməsi, eləcə də xarici investorlar üçün mövcud maneələrin aradan qaldırılması tövsiyə olunur.
WFE-nin qənaətinə görə, tənzimləyici qurumların, fond birjalarının və digər bazar iştirakçılarının koordinasiyalı fəaliyyəti nəticəsində qlobal listinq fəaliyyətində müşahidə olunan azalma tendensiyasını dəyişmək mümkündür.
2025-ci ilin sonuna WFE-yə üzv birjalarda 41 mindən çox şirkət listinqdə olub. Bu şirkətlərin ümumi bazar kapitallaşması 137 trilyon dolları ötüb, illik ticarət dövriyyəsi isə təxminən 198,5 trilyon dollar təşkil edib.

