Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda davamlı dialoqun təşviqi istiqamətində ekspertlərlə əməkdaşlığını daha da genişləndirir.
GDP xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, maliyyə sektorunda davamlı dialoqun qurulması istiqamətində əsas tərəfdaşlardan biri ekspertlərdir və bu səbəbdən onlarla əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qalır.
T.Kazımov qeyd edib ki, iqtisadçı ekspertlərlə mütəmadi görüşlərlə yanaşı, artıq informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssislərlə də ayrıca görüş və müzakirələrin təşkilinə başlanılıb.
Mərkəzi Bank rəhbəri bildirib ki, ilk görüş çərçivəsində ödəniş sistemləri, kriptoaktivlər, rəqəmsal valyutalar, kibertəhlükəsizlik və data idarəedilməsi kimi aktual istiqamətlər üzrə mövcud vəziyyət və əsas çağırışlar müzakirə olunub, tərəflər arasında fikir mübadiləsi aparılıb.
Onun fikrincə, media nümayəndələri, ekspertlər və ictimai rəyin formalaşmasında rol oynayan şəxslərlə məlumat mübadiləsinin genişləndirilməsi bütövlükdə maliyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə və bu sahə üzrə məlumatlılığın artırılmasına mühüm töhfə verəcək.

