Mərkəzi Bank Hökumət Ödəniş Portalı üzərindən aparılan ödənişlər üzrə hesablaşmaların Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilməsi istiqamətində bank sektoru ilə işləri davam etdirir.
GDP xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin direktoru Əfqan Abbasov “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, layihə dövlət və büdcə ödənişlərinin anında, daha az xərclə həyata keçirilməsinə imkan yaradır. Artıq bir çox bank müvafiq inteqrasiyanı təmin edib və müxtəlif ödəniş növləri üzrə əməliyyatlar aparır.
Əfqan Abbasov qeyd edib ki, Mərkəzi Bankın operatoru olduğu Ani Ödənişlər Sisteminin əsas üstünlükləri ödənişlərin fasiləsiz, 24/7 rejimində, anında və daha az xərclə icra edilməsidir. Sistemdən fiziki və hüquqi şəxslər arasında köçürmələr, eləcə də büdcə ödənişləri üçün istifadə olunur.
Departament direktoru əməliyyatların artması fonunda sistemin davamlılığının və fasiləsizliyinin təmin edilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb. Bildirib ki, ödənişlərin icra müddəti saniyə və millisaniyə səviyyəsində mütəmadi izlənilir, xəta göstəricilərinin azaldılması üçün iştirakçılarla iş aparılır.
Onun sözlərinə görə, sistemin sabit fəaliyyətini təmin etmək məqsədilə əməliyyatların həm əsas, həm də ehtiyat mərkəzdən aparılması mütəmadi təmin olunur.

