Azərbaycanda hüquqi şəxslər üçün dövlət xidmətlərini vahid pəncərə prinsipi ilə təqdim edəcək “myGov biznes” platformasının ilkin pilot versiyasının yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.
GDP xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiyalar” mövzusunda X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, vətəndaşlarla yanaşı, hüquqi şəxslərə də dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən təqdim olunması əsas hədəflərdəndir.
F.Osmanov vətəndaş və biznesyönümlü dövlət xidmətlərinin təşkilinin rəqəmsal transformasiyanın əsas strateji istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, “myGov biznes” platformasının yaradılması hüquqi şəxslər üçün xidmətlərin vahid pəncərə üzərindən həyata keçirilməsinə xidmət edəcək.

