Amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də hər uşağa 146 dollar dəyərində bir ədəd SpaceX səhmi veriləcəyini vəd edib.
GDP xəbər verir ki, bu barədə açıqlama SpaceX-in oktyabrın 20-də açıqlanacağı bildirilən rüblük maliyyə hesabatından bir gün əvvəl verilib.
Təşəbbüs xeyriyyəçilik və marketinq aksiyası kimi təqdim olunsa da, onun əsas məqsədinin maliyyə nəticələrinin açıqlanması ərəfəsində şirkətə investor marağını artırmaq olduğu ehtimal edilir.
Bununla belə, səhmlərin paylanması mexanizmi bir sıra hüquqi və maliyyə sualları doğurur. Belə ki, yetkinlik yaşına çatmayan şəxslərə səhmlərin verilməsi üçün qəyyumluq hesablarının və ya xüsusi trastların yaradılması tələb oluna bilər.
Eyni zamanda, bir səhm üçün göstərilən 146 dollar bazar qiyməti deyil, təxmini qiymətləndirmə göstəricisi kimi təqdim olunur.
Ekspert yanaşmasına əsasən, özəl şirkətlərdə bu cür kütləvi səhm paylanması mövcud səhmdarların paylarının azalmasına və səhmləri əldə edən şəxslər üçün əlavə vergi öhdəliklərinin yaranmasına səbəb ola bilər.
Bazar iştirakçıları üçün təşəbbüs ikili məna daşıyır. Bir tərəfdən, bu addım SpaceX-ə fərdi investorların marağını gücləndirə bilər. Digər tərəfdən, təşəbbüsün hüquqi və maliyyə mexanizmlərinin açıqlanmaması onun praktikada həyata keçirilməsi ilə bağlı qeyri-müəyyənlik yaradır.

