Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) üzrə təsdiq edilmiş tariflər yalnız banklara və ödəniş təşkilatlarına tətbiq ediləcək. Müəyyən edilmiş komissiyalar birbaşa vətəndaşlara şamil olunmayacaq.
GDP xəbər verir ki, Mərkəzi Bank tərəfindən təsdiqlənmiş BKM tarifləri yalnız müvafiq infrastruktura daxil olan iştirakçı institutlara aiddir.
Bildirilib ki, komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə birbaşa banklardan və ödəniş təşkilatlarından tutulacaq. Beləliklə, həmin tariflər son istifadəçilər üçün birbaşa komissiya öhdəliyi yaratmır.
Bununla yanaşı, Mərkəzi Bank Ani Ödənişlər Sisteminin (AÖS) fəaliyyətinə dair göstəriciləri açıqlayıb.
Məlumata görə, 2026-cı ilin ilk 9 ayında AÖS vasitəsilə 8,84 milyard manat həcmində 102,15 milyon əməliyyat həyata keçirilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 25,1 dəfə, dövriyyənin həcmi isə 5,7 dəfə artıb.
Cari ilin sentyabrında sistem üzrə gündəlik əməliyyatların sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb.
Qeyd edək ki, AÖS vasitəsilə ödənişlər həftənin 7 günü, sutkanın 24 saatı real vaxt rejimində həyata keçirilir. Bu sistem ölkədə nağdsız ödənişlərin genişlənməsinə və yeni rəqəmsal ödəniş həllərinin inkişafına şərait yaradır.

