2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə etdiyi gəlirlər 3 milyard 600,7 milyon manat təşkil edib.
GDP ARDNF-ə istinadən xəbər verir ki, bu məbləğ Fondun hesabat dövründəki ümumi gəlirlərinin təxminən 29,2 faizinə bərabərdir.
Doqquz ayda ARDNF-nin ümumi gəlirləri 12 milyard 341,3 milyon manat olub. Bunun 8 milyard 740,6 milyon manatı neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı daxilolmaların payına düşüb.
Fondun məlumatına görə, üçüncü rübdə geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasətlə bağlı gözləntilər maliyyə bazarlarında dəyişkənliyi yüksək saxlayıb. Qlobal səhm bazarları rübü artımla başa vursa da, gəlirlilik dərəcələrinin yüksəlməsi dövlət istiqrazlarının dəyərinə mənfi təsir göstərib.

