Rəşad Həsənli “Innovance Consultancy” şirkətinin Azərbaycan üzrə direktoru təyin edilib.
GDP xəbər verir ki, bu barədə şirkətin rəsmi sosial media səhifəsində məlumat verilib.
Bildirilib ki, R.Həsənli şirkətin Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək və yerli bazarda biznesin inkişafına cavabdeh olacaq. Onun əsas vəzifələrinə müştərilər və tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi, yeni biznes imkanlarının müəyyənləşdirilməsi və şirkətin Azərbaycanda uzunmüddətli fəaliyyətinin genişləndirilməsi daxildir.
R.Həsənli yeni vəzifəsində müştərilər və tərəfdaşlarla birgə yeni imkanlar yaratmağı, şirkətin bazardakı mövqeyini gücləndirməyi və regionda davamlı inkişafa töhfə verməyi hədəflədiyini bildirib.
Qeyd edək ki, onun “LinkedIn” profilinə əsasən, R.Həsənli 2026-cı ilin sentyabrından bu vəzifədə çalışır. O, bundan əvvəl “PashaPay” şirkətində 2024-cü ilin mayından 2026-cı ilin sentyabrınadək biznes üzrə baş direktor, 2022-ci ilin mayından 2024-cü ilin aprelinədək isə satış və müştəri idarəetməsi üzrə direktor olub.
R.Həsənli, həmçinin “Azerconnect Group”da pərakəndə satış üzrə direktor, “Nar”da B2C satış departamentinin rəhbəri, “Bakcell”də regional pərakəndə satış və merçendayzinq departamentinin rəhbəri vəzifələrində çalışıb. Onun əvvəlki iş təcrübəsinə “Azərbaycan Dəmir Yolları”nda biznesin inkişafı bölməsinin rəhbəri, “Kapital Bank”da satış kanalları bölməsinin rəhbəri, “ZD Travel”də satış direktoru və idarəedici tərəfdaş, “United Telecom”da isə “MT Service”in baş meneceri vəzifələri də daxildir.
Baş ofisi İstanbulda yerləşən “Innovance Consultancy” rəqəmsal transformasiya, proqram təminatının hazırlanması və texnologiya məsləhətçiliyi üzrə fəaliyyət göstərir. Şirkət banklar, fintex və digər maliyyə təşkilatları üçün mobil və internet bankçılıq, açıq bankçılıq və ödəniş sistemləri üzrə həllər təqdim edir.

