Bank kartları üzrə tətbiq edilən limitlər müştərinin müraciəti və təqdim etdiyi əsaslandırma əsasında dəyişdirilə bilər.
GDP xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, gündəlik beş mədaxil əməliyyatı, aylıq 20 min manat dövriyyə və eyni məhsul üzrə bir kartın verilməsi ilə bağlı yanaşma bank sektorunun birgə qərarıdır. Mərkəzi Bank bu qərarı dəstəkləyir.
Taleh Kazımov bildirib ki, xüsusi ehtiyacı olan müştərilər banka müraciət edərək limitlərin dəyişdirilməsini istəyə bilərlər. Bunun üçün gündəlik daha çox mədaxil əməliyyatına, daha yüksək dövriyyəyə və ya eyni məhsul üzrə əlavə karta ehtiyacın səbəbi izah olunmalıdır.
AMB sədri qeyd edib ki, kartdan-karta köçürmələrin böyük həcmi yalnız ailə üzvləri və dostlar arasındakı əməliyyatlarla bağlı deyil. Belə əməliyyatların bir hissəsi sahibkarlıq və qeyri-qanuni fəaliyyətlə əlaqəli olduğundan banklar onların təhlilinə əlavə resurs sərf edirlər.
O, bəzi şəxslərin vətəndaşlara pul müqabilində onların adına kartlar əldə etdiyini və həmin kartlardan qeyri-qanuni əməliyyatlarda istifadə olunduğunu da diqqətə çatdırıb.
Taleh Kazımovun sözlərinə görə, tətbiq edilən limitlərdən sonra vəsaitlərin bank sektorundan kənara çıxması müşahidə olunmayıb.

